GÖYƏRTİ SATAN QIZ
Kitabdan parça:
(hekayə)
Eyvandan həyətdəki xirnik ağacına tamaşa edirəm. Uzun illərin ayrılığından sonra gerçəkliklə xatirələrin qarışığından yaranan hisslər, duyğularla yaşayıram. Uzaqlarda bunları o qədər xatirədə canlandırmışam ki, indi də gerçək olmağına inanmıram. Gerçəklik mənə xəyal-xatirə kimi görünür, uzaqda olanda yaxınlaşır, yaxında olanda uzaqlaşır. Anamla, bacımla gecəyarıyadək uzanan söhbətlərdən sonra tənəffüs yaranıb. Daha mənə sual vermirlər. Nə isə, görünür, xatirələrimə, xəyalıma mane olmaq istəmirlər. Mən də həyətdəki qızılgül kollarını, bayaqdan sıx yarpaqlarına və qozalanmış meyvələrinə daldığım xirnik ağacının yaşıla boyanmış şaxlarını gözlərimə yığıram ki, uzaqlarda təsəvvürümə asanlıqla gətirim.
Anam düyü əzir, bacım ət çəkir, qızları da əl-ayaq verir. Gəlişimlə qonaqlıq olacağını bilirəm. Əlbəttə, köhnə dostlar, küçəlilərim, yaxın-uzaq qohumlarım gələcəklər. Zarafat deyil, son on ildə şəhərimizə cəmi bircə dəfə gəlmişəm.
Qırx iki yaşım eyvandan həyətə baxır: səkkiz yaşım məktəbdən qayıdıb, odur həyətin küncündə torpaqda eşələnir, bıçaqla yeri qazır, doqquz yaşım bayaqdan nəzərlərimi həssaslıqla dikdiyim xirnik ağacına dırmaşır. Ən çıtraq meyvəli kövrək budaq ağırlığa tab gətirməyib şaqqıltı ilə sınır. Doqquz yaşım yerdə ufuldayır, amma ağacın fəryadı ona öz ağrısından daha dəhşətli gəlir.
Qırx iki yaşım gözlərini sınmış budağın indi də aydın görünən qaralmış yerinə zilləmişdir. Xirnik qocalsa da, yara yeri durur.
Doqquz yaşım darvazadan çıxıb Gəncə çayına yüyürür. Sulara baş vurur…
Eh…
Bacımın təlaşlı səsi məni xəyaldan ayırır.
– Zilnur, tez qaç bazara.
«Bazar» sözündən diksinirəm. Elə bil ki, bu sözü on ildə birinci dəfə eşidirəm. Üşürgələnirəm.
Bacım sözünün dalısını gətirir:
– Göy-göyərti azlıq edəcək, küküyə, dovğaya çatmaz.
Sifətindən qan daman bacım qızına nigaran nəzər salıram. On üç yaşı tamam olub, boylu-buxunludur.
– Bazara niyə uşağı göndərirsən, bacı?
– Uşağa bax ha, – bacımın sifətində rişxənd qarışıq təbəssüm görünür. – Sənin heç on iki yaşın yox idi, bazarın bu başından vurub o başından çıxırdın.
– O ayrı, – deyə anam söhbətə qarışır və qürurla deyir: – Hamı o ola bilməz.
– Niyə, onun mayası ayrı xəmirdən tutulub?
– Onun mayası qeybdən, göylərdən gəlib.
– Hə, ya imamdı, ya peyğəmbər. Onda mən peyğəmbərin bacısıyam. Zilnur da mənim övladım. A qızım, qaç bazara, tez gəl ha…
Hələ təyin edə bilmədiyim bir duyğunun təsiri altında ayağa dururam.
– Sən hara hazırlaşırsan? – Bacım ərk və təəccüblə dillənir.
– Bazara.
– Hara?
– Bazara. Zilnurla mən də gedirəm.
Bacım yenə ərkyana:
– Otur yerində, akademik iki dəstə ispanaqla, üç dəstə keşniş üçün bazara gedir.
– Vaxtilə bazarın bu başından vurub o başından çıxmışam…
– Yaxşı da, zarafat elədik, incimə, qadan alım.
– Yox, darıxıram getməsəm…
– Yaxşı, özün bil, Zilnur bazarlıq edər, sən də tamaşa.
– Zəhləm gedir əlində səbət o meyvəni, bu meyvəni qurdalayan kişilərdən. Eşitdin?
– Baş üstə.
Pillələrdən həyətə enmək istərkən bacım Zilnura tapşırır: «Göyərtini Narınc xalandan al, köhnə müştəriyik, özündə yaxşısı olmayanda yan-yörəsindəkilərdən tapıb düzəldir».
Birdən-birə bazara getmək meylimin əsas səbəbini də tapdım: «Narınc».
Gerçəklik gözlərimdən çəkilməyə başladı, anam da, bacım da, həyətimizdəki qızılgül kolları da yoxa çıxdı. Baxışlarım xirnik ağacının yarasında dondu. Az sonra onun yerində topa-topa buludlar göründü. Xatirələr dünyasının üfüqlərindən mənə sarı on üç yaşlı bir qız yüyürürdü… Xurmayı saçlarına təptəzə parlaq mavi ipək lentlər bağlanmışdı. Gözləri dumduru, gözləri mavi dəniz. Kimsənin eşidə bilməyəcəyi bir qışqırtı ilə dilləndim: «Tez gəl, Narınc, tez gəl». Narıncın gəldiyi yol qurtardı. Məndən çox uzaqlarda dayandı. Əllərimi uzatdım, əllərini uzatdı otuz illik məsafədən… Əllər boşluqdan asılı qaldı.
– Gedək, dayı.
Zilnurun səsi məni gerçəkliyə qaytardı. Onun qolundan tutdum, pillələri enib çinarlı küçəyə çıxdıq. Narıncı xatirədə yox, gerçəkdə bir daha görmək istəyi məni külək kimi yerimdən qoparırdı. Narıncla münasibətlərimiz anlaşılmaz qalmışdı. Nə idi məni çəkən? İzahından indi də acizəm: hələ cücərməmiş solan ilk məhəbbətmi? Yoxsa itirilmiş məktəb yoldaşının acısımı? Küçə mənə sakit görünür, gəlib-keçənləri kölgə zənn edirdim.
Geri qaytarılması mümkün olmayan, həmişəlik itirilmiş aləmin xatirələri. Zilnur, sakit küçə və mən…
Şəhərin lap mərkəzində 3 nömrəli beynəlmiləl məktəbdə oxuyurduq. Siniflər yarımdairə şəklində nə vaxtsa Cümə məscidinə əlavə şəklində tikilmişdi. Otaqlar çatışmırdı. Sinfimiz iki otağı birləşdirən dəhlizdə yerləşmişdi, pəncərəsi yoxdu, daim elektrik işığında oxuyurduq. Üç-üç otururduq, bir cərgə qız, bir cərgə oğlan. Narınc ön partada düz mənim qarşımda əyləşərdi. Mavi lentli xurmayı hörüklərinin ucları çox vaxt dəftərimin üstünə düşərdi. Ehmalca hörükləri iki parta arasındakı boşluğa sallayardım. Əlaçı idim, həm də sinifkom. Lakin aramızda ən bilikli şagird Narıncdı. Onun daim yuxarı qalxan sağ əli elə bil sinfimizin bayrağı idi. Müəllimlər onu çox istəyirdilər. Balacaboy, kirpisaçlı tarix müəllimimiz ciddi səslə deyərdi:
– Narınc, əlini aşağı sal, səndən xəbər almayacağam.
Narınc növbəti suala qədər əlini yanında saxlaya bilirdi. Yeni sual verilərkən əli göyə qalxırdı.
– Narınc, əlini aşağı sal…
– Narınc, imkan ver, o birilərini danışdırım.
– Ay Narınc, bilirəm ki, sən bütün kitabı bilirsən.
– Ay Narınc…
Narıncın əli yanına düşmüşdü. Kirpisaçlı Əli müəllim də soruşmamış «əla» yazmaqla Narıncdan özünəməxsus «hayıf» alırdı.
Qüvvətli hafizəsi vardı. Dərslikdəkilər bir yana, o zaman Səməd Vurğunun yenicə çapdan çıxmış qırmızı cildli «Azad ilham» kitabındakı bütün şeir və poemaları əzbər bilirdi.
Mühakiməsi də güclü idi. Hesab müəllimi məsələni əvvəlcə ucadan oxuyar, sonra lövhəyə yazar, izahat verib həllini bizim ixtiyarımıza buraxardı. Narıncsa məsələnin nömrəsini bilən kimi kitabdan tapıb o dəqiqə həll edər, gözlərini müəllimə zilləyərdi. Bütün sinif başını dəftərə dikib qurcalananda Narıncla müəllim pıçı-pıçı söhbət edərdilər.
Müəllimlər çox hallarda Narıncla ərklə öz səviyyələrində olan şəxs kimi davranardılar.
Ana dili müəlliməsi dərsdə boşluq yarananda deyirdi:
– Ay Narınc, bir şeir de.
Qız o dəqiqə yerindən durar, üzü bizə, mavi gözləri azacıq tavana zillənər, əlləri arxasında, qoşa xurmayı hörükləri üstündə çarpazlanmış halda böyük vəcdlə deyərdi.
Hər dərs ilinin sonunda Narınca üstü yazılı kitab bağışlanar, «Tərifnamə» verilərdi. Kirpisaçlı tarix müəllimi deyərdi:
– Narıncın parlaq gələcəyi var.
Ana dili müəlliməsi:
– Narınc gələcəyin ən yaxşı ədəbiyyatçısıdır, – deyərdi.
Hesab müəllimi:
– Narınc böyük adam olacaq, – deyərdi, çox böyük!
Bütün sinif bilirdi ki, Narınc xoşbəxt olacaq. Sinif rəhbərimiz kirpisaçlı Əli müəllim pis oxuyan uşaqların evlərinə tez-tez baş çəkərdi. Şagirdlərin dediyini yoxlamaq üçün məni də onların bəzilərinin evinə göndərərdi. Sinfimizdə boyca hamıdan iri Lətiş adlı qız vardı. Dərslərə hazırlaşmazdı, bəhanə uydurmaqda misilsizdi, gah qohumlarından birinin öldüyünü deyər, ya atasını, ya anasını, ya bacısını xəstələndirər, ev işi içində batdığını söyləyərdi. «Ölənləri» ölmüş, «xəstələri» sağalmış, jurnalda «pis» yazmağa yer qalmamışdı. Axır vaxtlar Lətiş anasından şikayətlənirdi. «Qab yumaqdan, ev silməkdən, paltar ütüləməkdən macalım olmur, anam işlətməkdən məni öldürüb».
Atası rayonda ağronomdu. Müəllim anasını neçə dəfə ismarlamışdısa, gəlməmişdi. Dördüncü rübün başlanğıcında müəllim dərsdən sonra Narıncla məni onların evinə göndərdi.
– Mən dərsə gedirəm, – dedi, ikiillik müəllimlər institutunda oxuyurdu. – Siz öyrənin görün Lətafətin anası niyə məktəbə gəlmir, həm də baxın görün qızın oxu guşəsi varmı, dərs hazırlamağa şəraiti necədir?
Biz zirzəmidəki bufetimizdən hərəyə iki ponçik alıb, yeyə-yeyə məktəbin həyətindən çıxdıq. Lətafət çoxdan evə çatmış olardı. Onlara gedəcəyimizi bilmişdi. Evləri şəhərin Gəncə küçəsinə yaxın bağlı-bağatlı yerdə idi. Darvazalarına yaxınlaşdıq. Dayandıq, Narınc diqqətlə üzümə baxdı.
– Dodağının yağını sil.
Əlimi cibimə saldım. Dəsmalım yoxdu. Dümağ dörd bükülü kiçik dəsmalını mənə verdi. Ürkə-ürkə aldım. Doğma və gözəl qoxusu vardı, təmizlik ətri gəlirdi. Ütünün iyi hələ getməmişdi.
– Çirklənər, – dedim.
– Yuyaram, – dedi.
Yaylığı əzmək istəmirdim. Suçəkən kimi dodağıma toxundurdum.
– Möhkəm sil, – dedi.
Sildim.
– Qapını döyək.
– Mən utanıram.
Güldü. Darvazanın çəkicini zərblə döyəclədi.
– Niyə utanaq ki, müəllimin tapşırığıdır. Amma bu Lətiş heç oxuyana oxşamır. Altı ildir məktəbə gedir, hələ dördüncüdü, lap Atbalaxanımdır.
– Hər yerdə deyir ki, sinfin pioner rəhbəriyəm.
Darvaza açıldı. Lətişin anası bizi süni bir mehribanlıqla qarşıladı, valideynlərimizin adbaad kefini soruşdu.
– İçəri gəlin, – dedi, – ölmüş qız dərs oxuyur, gecə-gündüz əlindən kitab düşmür.
Otağa keçdik. Lətiş bir tərəfi divara söykənmiş üstü müşəmbəli yemək stoluna kitab düzürdü. Bizi görən kimi:
– Bu da mənim oxu guşəm, – dedi, – görürsünüz, varımdır.
Gözlərimiz stolun üzərindəki çörək qırıntılarına, yağlaşo ləkələrinə zilləndi
– Ayrı otağınız yoxdur?
Anası:
– Dördü birdən var, – dedi.
– Olmazdı ki, guşəni başqa otaqda düzəldəydiniz?
– Niyə olmur, nə guşəbazlıqdır axı…
– Bizim hamımızın ayrıca oxu guşəmiz var, – dedim.
– Oxuyan guşəli də oxuyar, guşəsiz də.
– Bizi müəllim göndərib deyək ki, Lətafət oxumur, hər gün iki alır.
– Nə oldu, yəni bildir keçdiklərini də bilmir? Niyə oxumursan, ay həyasız?
Narıncın rəngi dümağ kəsildi, kaş görüb-eşitdiklərimiz yuxu olaydı. Amma Lətişin eyninə də gəlmədi.
– Müəllim ağzımı açmağa qoymur.
– Evdə dilin niyə şah arşını çıxır, ay həyasız?
– Həyasız özünsən. Bacarığın var gəl özün kirpisaça cavab ver, savad kursunun birincisindən qaçdın ki…
Elə güman etdik ki, Lətafətin sözündən arvad alovlanıb göyə qalxacaq. Amma sakitliklə:
– Yaxşı, gələrəm o kirpisaçın yanına. Qızım oxumur, bəs mənə niyə demirlər?
Narınc:
– Xala, sizi azı on dəfə çağırtdırıb, – dedi.
Lətafət pərt oldu:
– Bura bax, az, sən nə şişirdirsən?! Əlaçı olub başımıza çıxmayacaqsan ki?.. Heç beş dəfə olmaz.
Mən dilləndim:
– Yaxşı, olsun beş dəfə.
Arvad:
– A həyasız, mənə niyə deməmisən?
– Niyə deməmişəm, birində demisən yasa gedirəm, birində hamama, birində nişana, birində oxunmaya, birində nə bilim hara…
– Yalansa meyidini görüm!..
– Meyidini də görüm, qaranı da geyim. Meyit görmək istəyirsən, qardaşının meyidini gör.
Arvad Lətişi saçladı.
– Qoy o dədən it oğlu gəlsin!
Lətiş qışqırdı.
Bilmirəm mənmi Narıncın əlindən tutdum, Narıncmı mənim, açıq qapıdan ildırım kimi çıxdıq. Arxamızca eşitdik.
– Müəllim meyidini gördüyüm də özü gəlsə qılçası sınardı, iki küçüyü göndərib üstümə, əlbət gələrəm direktor köpəkoğlunun yanına, onda görər ki, analar necə övladlar doğub.
Döngəni burulub geniş küçəyə çıxdıq, əl-ələ verib portfellərimizi yelləyə-yelləyə qır səki ilə qaçırdıq, küçəni adlayanda az qala tramvayın altına düşəcəkdik. Gəncə küçəsindən bir döngə də Narıncgilin evinə burulurdu. Tində su budkası vadı.
– Yanıram, – dedim.
– Mən də.
– Siropla, yoxsa təmiz? – deyə yoğun səsli susatan qız dilləndi.
– Bir dəqiqə dayanın, – deyə pullarımı hesabladım, – otuz bez qəpik qalmışdı.
– Birini siropla, birini təmiz.
Siroplu suyu Narınca uzatdım.
– Mən təmiz xoşlayıram.
– Mən də təmiz.
Arxamızda müştərilər dayanmışdı.
Susatan dilləndi.
– Yaxşı, oynamayın, tez olun!
Narınc bir təmiz stəkan istədi, görünür, siroplu suyu bölmək fikrindəydi.
– Bir stəkan su içəcəklər, doqquz qab bulayacaqlar.
Mən cəld təmiz suyu başıma çəkdim. Narınc da istər-istəməz siroplu suyu içməli oldu. İkimiz də bu kobud qızdan uzaqlaşmaq istəyirdik. Aralandıq. Birdən Narınc ixtiyarsız dedi:
– Lətafət gəlib elə buradaca su satsaydı, müəllimin də canı qurtarardı, bizim də. Ondan oxuyan olmaz…
Biz addımlarımızı yavaşıtmışdıq.
– Mənim yanğım keçmədi, – dedim.
– Mənimki də. Zalım qızı qoydu ki, bir rahat içək, həm də su sərin deyildi. Bizim həyətimizdən kəhriz keçir. Suyu da buz, gedək içək!
– Gedək….
Köhnəlmiş darvazanın bala qapısından həyətə girdik. Narınc sorğu gözləmədən dedi:
– Ay ana, Suğra xalanın oğludur, sinifkomumuzdur; oxu guşəsinə baxacaq.
Anası yaşlı arvad idi, iri, əsgər gedəsi oğlanları vardı. Qulplu küpdən alça turşusu çıxarırdı. Taxta qaşıqdakı tünd qırmızı alça turşusunu baş barmağı ilə məcməiyə sıyıra-sıyıra başını qaldırdı.
– Xoş gəlibsən, – dedi, – anan necədir, nəyi oldu?
Mən utana-utana:
– Qardaşım olub.
– Deginən gözləri aydın.
Narınc qızardı:
– Yaxşı da, ay ana…
Narınc məni içəri çağırdı. Evləri yerdən çiy kərpiclə tikilmiş iki göz otaqdı. Döşəməyə dördkünc yastı kərpiclər döşənib şirələnmişdi. Otaqdan sərinlik qatışıq rütubət qoxusu gəlirdi. Divarda atasının böyüdülmüş papaqlı şəkli asılmışdı. Üstü ucuz müşəmbəli yemək stolunun ətrafında dörd kətil vardı. Üzərinə yaxşı ütülənmiş krujevalı ağ salınan dörd siyirməli qırmızı kamodun üstə kiçik güzgü, önündə üstünə arvad darağı sancılmış paltar şotkası qoyulmuşdu. Pəncərənin yanında arxası kətilli kiçik yazı masası, onun da yanında qarğı etajer görünürdü. Rəflərdən bəzəkli kəsilmiş qəzet ucları sallanırdı. Birinci gözə dərs kitabları, qalan üç gözə bədii kitablar düzülmüşdü.
Şabalıdı kitablar «Səfillər»in cildləri idi. Qırmızı cildli «Azad ilham» masanın üstə qoyulmuşdu.
– Elə kitabların budur?
– Kitabxanaya üzvəm.
– Bizdə kitab çoxdur.
– Verərsən oxuyaram… Guşəm kasıbdır.
– Çox səliqəlidir.
Kerosinkanın üstündə qulplu küpə pıqqıldayır, otağa bişmiş ət qoxusu dolurdu.
– Anam piti bişirir. Dədəmin dünyada ən çox xoşladığı xörəkdir. Qalarsan, bir yerdə yeyərik.
– Sağ ol, su içmək istəyirəm… Həm də mən heç kəhriz suyu görməmişəm.
O, taxçadan qalayı getmiş mis parçı götürdü. Həyətə çıxdıq.
– Ay ana, bu heç kəhriz suyu görməyib ki.
– Hardan görəcək, Bakıda yox, burda da həyətlərindən keçmir.
Evin arxasına burulduq. Bura xeyli sahə idi; bir tərəfdə adını bildiyim və bilmədiyim meyvə ağacları görünürdü. Xeyli yer boş qalmışdı. Atası xirniyin dibini belləyirdi. Zəndlə mənə baxdı.
Narınc:
– Sinifkomumuzdur, – dedi, atamın adını çəkdi.
– Xoş gəlibsən, a bala, atan necədir? Yenə tramvaytrestdəmi işləyir?
– Zemkomdur…
– Hə, neylək, yaxşı işdir. Narıncdan müəllimlər razıdırmı?
Əlbəttə, o, çox gözəl bilirdi ki, qızından bütün məktəb razıdır. Görünür, onun tərifini bir də eşidib qürrələnmək istəyirdi.
– Sinfimizdə ondan bilikli şagird yoxdur.
– Yəqin qızdır deyə sinifkom qoymayıblar.
Mən tutuldum.
Narınc dilləndi:
– Sinifkomumuz məndən də yaxşı oxuyur.
– Mənim qızım doxtur olacaq, bəs sən nə olmaq istəyirsən?
– Komandir.
– Komandir sənət deyil, sən də doxtur ol, dünyanın hansı səmtinə getsən, sənətdir. Harda insan yaşayır, orda azarlı var, harda azarlı var, orda doxtur lazımdır.
– Doktor da olsam, komandir olacağam.
– Ay dədə, daha bəsdir. Qoy bir kəhrizə də baxsın. Həyətin dərinliyindən eni yarım metr olan arxdan dopdolu elə bil büllur axırdı, suyun dibində xırdaca daşlar, tərtəmiz qum apaydın görünürdü. Su qonşu həyətdən poqqultu ilə gəlir, başqa həyətin divarı altında yoxa çıxırdı. Narınc bir parç su götürüb mənə uzatdı. Dodağıma yaxınlaşdıranda:
– Udum-udum iç, – bu, sənə kran suyu deyil.
Dişlərim göynədi.
– Mən belə sərin su içməmişəm, – dedim, – həm də suyun gözəlliyini birinci dəfədir hiss eləyirəm.
– Yayda yemişi, qarpızı əvvəlcə bura qoyuruq, buz kimi olur. Gələrsən, yeyərsən.
– Balıq da olurmu?
– Balina da olur, – deyə Narınc güldü.
Atası da bizə yaxınlaşdı:
– Necədir, bala?
– Çox yaxşı.
– Bu kəhrizi vurduran kişilər olub ey… Hacı Mirqasım kəhrizinin ayağıdır. İndi fikir verən yoxdur. Təmizlətmirlər, bir gun batacaq.
Mən uzanan boş sahəni göstərdim:
– Bəs burda bir şey əkmək olmaz?
– Eh… dünya dünya olsa burdan qızıl çıxardaram. Bir şey əkib bazara çıxartsam, deyəcəklər alverçisən.
Nədənsə bu sallaqbığ kişidən xoşum gəlmədi. Çox hiyləgər adama oxşayırdı, heç elə bil Narıncın atası deyildi.
Narınc onun sözünü kəsdi.
– Gedək çörək yeyək.
– Mən ac deyiləm, suya baxmaq istəyirəm. – Kəhrizdən qopmurdum, çöməldim, əllərimi suya saldım, buz! Üzümə çilədim, buz!
Çörəyə qalmadım. Anam mənə özgə yerdə xörək yeməyə icazə vermirdi. Bunu demədim. Xudahafizləşib çıxanda anası:
– Yarpaq lazım olsa, lavaş turşusu, zoğal axtası lazım olsa, Suğra bacıya de, bizdən alsın, – dedi.
Narıncın sifəti misə çaldı. Darvazaya qədər məni yola saldı. Qapıdan çıxanda atası dilləndi:
– Dədənə de ki, Kür qırağında bostan yeri versin, əkim, şərik.
Mən onun sözlərindən bir şey anlamadım.
Darvazanın ağzında Narınc dedi:
– Yaxşı kitablarını ver mən də oxuyum.
Biz dördüncü sinfə keçəndə müharibə başlandı. Uşaqların çoxu deyirdi ki, daha məktəblər bağlanacaq. Sentyabrda məktəbə gəldik, kişi müəllimlərin çoxu əsgər getmişdi, kirpisaçlı tarix müəllimi hamıdan əvvəl. Yenə həmin sinifdə dərs keçirdik, hərə öz yerində. Narıncın hörükləri yenə mənim partamın üstə düşürdü. Bir dəfə işıq keçəndə hörüyün birinin ucunu gül dəstəsi kimi burnuma yaxınlaşdırdım. Bizim evimizdə müxtəlif ətirlər olurdu. Mənə çoxlu gül-çiçək ətri də tanışdı. Lakin bu saçlardan heç yerdə satılmayan, çiçəyi heç yerdə bitməyən doğmalıq, əzizlik ətri gəlirdi. İşıq yanan kimi mən hörüyü iki partanın arasına saldım. O gündən fürsət düşdükcə hörükləri qoxlayırdım. Müharibədən yarım il keçmiş olardı. Yenə hörük əlimə keçdi, bu dəfə burnuma qatı ağ neft iyi gəldi. Diksinmədim. Ağ nefti sinəmə dərindən çəkdim ki, bəlkə əvvəlki ətrin bir qətrəsini duyam.
Bir dəfə ehtiyatsızlıq etdim, Narınc hörüyün dartıldığını duydu. Qanrıldı, incik halda hörüyü dartıb əlimdən çəkdi, asta, amma kəskin səslə:
– Ayrı uşaq olsa, başına qapaz salardım, – dedi.
Bir də cəsarətlənmədim. Gözlərim lentlərin rəngini günbəgün itirən, ağ neft qoxulu xurmayı hörüklərdə qaldı.
Narıncın sağ əli yenə sinfimizin bayrağı idi. Bəzən dərs boş keçəndə altıncı, yeddinci siniflərin tarix dərsliyindən oxuduğu maraqlı hadisələri danışırdı.
Kitab mübadiləsi edirdik.
Dərslər əvvəlki ritmdə getmirdi. Dərs buraxanlar, dərsə gecikənlər çoxalmışdı. Sinfimiz seyrəlirdi… Uşaqların bir qismi buğdalı, bir qismi kartoflu rayonlara yayınırdı…
Sinifdə otuz iki nəfərdən iyirmi dörd nəfər qalmışdıq. Seyrəlmə davam edirdi. Uşaqların bir qismi də həm oxuyur, həm də bazarda papiros, çörək, qənd qırığı satırdı.
Evimizə bitişik binada əri müharibənin ilk günün-dən cəbhəyə getmiş sarısaçlı təyyarəçi arvadı yaşayırdı. Şəhərimizdə hərbçi az olduğundan, küçəmizin uşaqları kişi evdən çıxanda tamaşasına durardılar. Biz təyyarəçiləri həyatda çox filmlərdə gördüyümüz üçün kişi də, sarısaçlı arvadı da, kiçik yaşlı qumralsaçlı qızı da bizə möcüzə təsiri bağışlayırdı. Mənim bəxtim gətirmişdi: təyyarəçi hər görəndə mənimlə salamlaşar, kefimi soruşardı:
– Hə, nəçi olacaqsan?
– Komandir.
– Afərin! – deyərdi.
Atamla qışda bir-iki dəfə ova da getmişdilər.
Nədənsə mən bu ailəyə özümü borclu sayırdım. Ona xidmət göstərmək istəyirdim.
Bir gün təyyarəçinin arvadı məni çağırıb dedi:
– Kolyadan çoxlu papiros qalıb, indi tapılmayan. Görəndə ürəyim xarab olur. Yoldaşlarından birinə ver satsın, ucuz qiymətə.
Mən papiros, siqaret alverinə başladım. Bir də ayıldım ki, məktəbə getmirəm.
Anam qulağımı dartdı. Köməyi olmadı. Qazancı çörəyə verib evə gətirirdim. Hərdənbir təyyarəçinin qumralsaçlı qızına şirin qoğal da ala bilirdim.
Bazar başında əlimdə papiros Narıncla üzləşdim. Məzəmmətlə baxdı:
– Məktəbə niyə gəlmirsən?..
– Müharibə qurtarsın, sonra, – dedim.
Dillənmədi, küsgün ayrıldı.
Aradan iki ay keçməmiş göyərti bazarında Narıncı piştaxta arxasında ispanaq satan görəndə başıma elə bil qapaz vurdular.
– Narınc?! Burda nə gəzirsən?
Soyuq səslə:
– Öz həyətimizin məhsuludur satıram, – dedi, – burda utanmalı nə var?
– Məktəbə getmirsən?
– Müharibədən sonra…
– Axı sən sinfimizin ən bilikli şagirdisən, sən ən yaxşı riyaziyyatçı olacaqdın, ən yaxşı tarixçi, ən yaxşı ədəbiyyatçı… Bəs atan deyirdi həkim olacaqsan…
– Bəs sən necə?
– Mən heç…
– Sən heç, mən dünəndən heç…
Bu ara atası çiynində xaral yaxınlaşdı.
– Hə, qız, necədir bazar?
– Çox yaxşı.
Narınc mənə əhəmiyyət vermədən iri zoğlu ispanaqları qarşısına düzməyə başladı.
Özümü artıq hiss etdim, kənara çəkildim. Xeyli aralıdan baxdım. Qız piştaxta dalından daha gövdəli görünürdü. Mavi lenti yoxdu. Hörükləri başının ortasına dolaşmışdı. Çox cazibədar olmuşdu. Göyərtisi təzə, ətrafı təmiz, səliqəli, özü də gözəl! Müştərilər növbəyə dururdular.
Mənsə çatlayırdım… Yadıma düşürdü:
«Baxın səhərlərin yaqut rənginə…»
«Narıncın parlaq gələcəyi var…»
«Narınc gələcəyin ən yaxşı ədəbiyyatçısıdır…»
«Narınc böyük adam olacaq…»
«Narınc xoşbəxt olacaq…»
Yanıb-yaxılırdım.
Müharibə başlayan kimi «dünya dünya olsa burdan qızıl çıxararam» deyən atası həyətdəki boş sahələrə göyərti əkmiş, oğlanları əsgər getdiyindən, Narıncı piştaxta arxasına keçirmişdi.
Narıncı piştaxta dalında görəndə dünya başıma fırlanırdı. Yadıma əl-ələ verib Lətafətgildən qaçdığımız anlar düşürdü… Kaş əllərimiz qopmayaydı. Yüyürə-yüyürə orta məktəbi bitirəydik, ali məktəbə gedəydik, həkim olaydıq…
Bir gün təyyarəçi arvadı məni evinə çağırdı. Günahkarcasına dedi:
– Mən bilsəydim ki, sən məktəbi atacaqsan, o papirosları peçə tullayıb yandırardım. Sənin də, ananın da üzünə baxa bilmirəm.
– Anama deməmişəm.
– Məktəbə niyə getmirsən?
– Evə kömək lazımdır…
– Mən Taqanroqdan köçürülmüş mexanizm zavodunda kadr şöbəsinin müdiriyəm. Gəl səni ora tokar şagirdi düzəldim.
Mən bombardmanda zavodu sökənlərlə, eşelonlara yükləyib «Yunkers»lərin daimi təqibi ilə sağ-salamat şəhərimizə gətirən sərt, kədərli, qoçaq adamlarla tanış oldum. Zavodu qurduq. Komsomola keçdim. Qarşımda yüz yol, yüz cığır açıldı.
Amma içim göynəyirdi – bazarda qalmış Narınc yadımdan çıxmırdı. Hərdən ora gedəndə uzaqdan qızı seyr edirdim, xeyli iriləşmişdi, sifətindən qan damırdı. Lazım olan göyərtini başqalarından alırdım. Ona pul verib göyərti almaq mənə ağır gəlirdi. Bir şey də məni təəccübləndirirdi. Bunların həyəti nə qədər məhsul verirdi ki, Narınc yay-qış bazardan çıxmırdı. Sazaqda ayaqlarının altında manqal saxlayır, əllərini qızdırırdı. Bir dəfə də yaxınlaşdım.
– Necəsən, fəhlə qardaş? – dedi.
Sözündə rişxəndə bənzər ahəng duydum. Büruzə vermədim.
– Sən necəsən, Narınc?
– Gördüyün kimi, lap yaxşı.
– Məktəbə getməyəcəksən daha?
– Nə bilim! Vaxt var ki? Alaqaranlıqdan günbatana qədər burda oluram.
– Yəni sizin həyətinizdə o qədər göyərti var?
– Hardaydı o qədər yerimiz… Qonşu kəndlərin kolxozçularından alırıq ucuz qiymətə. Birə-iki qiymətə satırıq. Nə isə… Qismət olsa çulumuzu sudan çıxardarıq. Qoy görək müharibə nə vaxt qurtarır.
İxtiyarsız dilləndim.
Baxın səhərlərin yaqut rənginə,
Bənzəyir şairin söz ahənginə.
Bulud kimi tutuldu.
– Yadıma nahaq saldın, – dedi.
Müharibənin lap qızğın vaxtı fəhlə-gənclər məktəbləri haqqında çox ciddi söhbətlər başlandı. Əsgərlikdən qolsuz, qıçsız qayıdıb təhsilini davam etdirmək istəyənləri, işə-gücə gedib məktəbdən yayınan uşaqları küçədən-bacadan yığmaqda gecə məktəbləri pərən-pərən düşmüş ordulardan yeni möhkəm polk, batalyon, rota düzəldib gələcəyə – sabaha yola salan qərargahlara bənzəyirdi.
Gecə məktəbləri bizim xoşbəxtliyimiz idi! Gecə məktəbləri bizim həyatımız oldu!
Məni yazdılar. Sonra mən özüm yazmağa başladım. Köhnə məktəbimizin gecə növbəsinə cəbhədə sağ qolunu itirmiş kirpisaçlı tarix müəllimimiz direktor təyin olunmuşdu. Uşaqları ayaq üstə sorğu-sual edib müxtəlif siniflərə göndərirdi… Mən altıncıda yenə sinifkom oldum.
Əli müəllim mənə tapşırmışdı ki, heç bir yerdə işləməyənləri də tapıb məktəbə gətirim. İş yerindən yoxlama olmayanda məsuliyyətini öz boynuna götürürdü. «Qoy küçədən yığışsınlar, sonra təbliğat aparıb işə də düzəldərik. Hər uşaq taleyi üçün mübarizə etməliyik. Narıncı gör yola gətirə bilirsənmi, – deyirdi, – məni eşitmir».
Amma ha çağırırdımsa, Narınc gəlmirdi.
İşlə dərsi bir yerə sığışdırmaq çətin idi, ağır idi, amma ləzzətli idi. Az vaxtda beynimin müxtəlif guşələrində səpələnmiş keçmiş bilikləri bərpa etdim.
Bircə… bütün illər boyu hər dərsdə müəllimin «dərsi kim danışar?» sualı ürəyimi deşirdi, yuxarı qalxan əllər içərisində ən ucada, ən gözəl, şirmayı barmaqlı təmiz və xəyali bir əl görürdüm, Narıncın əli – sinfimizin bayrağı.
Kim bilsin, Narıncın müqəddəs zənn etdiyim sağ əli bəlkə də o vaxt köhnəlmiş göyərtini təravətli, təzə görünsün deyə yanındakı qoxumuş su boçkasına salıb çırpalayır, lətif şeir söyləyən dili yalan satırdı…
Müharibə qurtardı. Tərxisat artdıqca gecə məktəblərinin sinifləri sıxlaşdı. Oxuyanların əksəri gələcək planlarını dürüst bildiyindən, əsas diqqətlərini təmayüllə əlaqədar dərslərə verirdilər.
Dərsə getməyənlər barədə raport verəndə direktorumuz hərdən Narıncı xəbər alırdı. «Məni eşitmədi, – deyirdi, gəlsə, neçənci sinfə istəsə düzəldərəm, fenomen idi, heyif! Yenə bir gör neyləyirsən».
Bazara getdim. Narınc uzun bir piştaxtaya tamam yiyələnmişdi. Qabağında tərxun, keşniş, ispanaq, kərövüz, daha nə bilim nə dəstələri qalaqlanmışdı. Müştəriləri yola salmaq üçün bu başdan o başa yüyürürdü. Adamların seyrəlməsini gözlədim. Arabir vaxt tapan kimi piştaxtanın ortasında qoyulmuş mis kasaya təndir çörəyini batırıb ağzına qoyur, müştərilərlə yeyə-yeyə sövdələşir, pulları önlüyünün iri ciblərinə doldururdu, xeyli iriləşmişdi, gözləri qaynayırdı.
Məni görən kimi güldü:
– Gəl görüm, nə lazımdır, yaxşı tərxunum da var, nüyvər, nanə də var, reyhan da, sən hər saat bazara gələn döyülsən. Sənə ucuz verərəm, heç pul da almaram…
– Narınc, mənə heç nə lazım deyil.
– Bəs nə gəzirsən bazarda? Santrest həkimi deyilsən ki?
– Mənə sən lazımsan, Narınc.
– Turşuya qoyacaqsan məni?
– Məktəbə gəl, Narınc.
– Əşi, nə məktəbbazlıqdır, o günü kirpisaç da gəlmişdi, düz otuz dəfə çağırıb… Ta «yox» deməkdən dilim qabar olub. Hamı oxuyacaqsa, bəs göyərtini kim satacaq? Oxumağa nə həvəsim var, nə hövsələm, nə də vaxtım. Oxu da sən, mənim əvəzimə də. Oxumaq payımı da sənə bağışlayıram.
– Oxumaqdan pay olmaz.
– De mən neyləyim axı… Əl çəkin məndən, ağır söz deyərdim sən olmasaydın, bilirsən ki, xətrini çox istəyirəm.
– Heç bilirsənmi ki, Lətafət də məktəbə gəlir.
– Sən allah? Neçəncidir?
– Məndən iki sinif aşağı.
– Ondan oxuyan olmaz, vallah, yəqin məktəb adına gecə gəzməyinə çıxır.
Narınc bunu düz deyirdi. Lətafəti hər dəfə müxtəlif oğlanlarla görürdüm. Yenə tarix müəllimi ondan gileylənirdi, amma nə olsun ki, adı sinif şagirdlərinin siyahısında idi. Bu barədə Narınca heç nə demədim.
– Deyirsən ondan oxuyan olmaz? Görərsən o da orta təhsilli olacaq.
– Hansı başla, hansı beyinlə? İnanmaram, göydən daş da yağsa, bir az avaralanıb qaçacaq…
– O Lətişin öz işi, amma sən!
– Məndən əlini üz!
– Bir şeir de, Narınc.
– Ə, bura heç şeir yeridir?
– Baxın səhərlərin yaqut rənginə…
Tutuldu. Sakitcə əlavə elədi:
– Bənzəyir şairin söz ahənginə.
Həmin sehrkar səs idi, təmiz-təravətli, ismətli.
Susdu, sonra əlavə elədi:
– Hə, nə olsun ki?
Bu ara atası dalında xaral gəldi.
– Nə gətirmisən, dədə?
– İspanaq.
– Əşi, indi ispanaq alan var? Sənə demədim nanə gətir, huşunu itiribsən lap.
Kişi dinmədi. Narınc hökmlə danışırdı, atası müti görkəm aldı.
– Dedim, bəlkə satdın.
– Bəlkə, bəlkə! Bəlkəni əksən, çuğundur bitər.
– Yaxşı, a qızım, acıqlanma.
– Dədə, bu saat allahın-billahın hayıfını səndən alaram ha…
– Mən nə deyirəm, qızım?
– Daha nə deyəcəksən? Bağladın məni bura. – Sonra mənə sarı çevrildi. – Sən də özünə əziyyət vermə, mən buradan qopası deyiləm.
Kişi məni acıqla süzdü.
6
Onuncunu bitirdim. O zaman rus dilini babət bilənləri çox asanlıqla ali təhsil almaq üçün dəstə-dəstə Moskvaya göndərirdilər. Mənə də göndəriş verdilər.
Vidalaşmaq, son sözümü demək üçün bazara gəldim…
– Moskvaya gedirəm, – dedim, – oxumağa.
– Buralarda institut qəhətliyidi…
– Bilmirəm, belə məsləhət oldu.
– Gedib orda da birisini taparsan, – kədərlə gülümsündü.
– Evlənməyə getmirəm, oxumağa… Narınc! Heç olmasa indi get… Neçənci sinifdə istəsən oxuyarsan, səndəki qabiliyyət heç kəsdə yoxdur… Səndəki bilik, bacarıq! İndi gəncsən, yaşlananda nə edəcəksən?
Toxum satan qocaları göstərdi.
– Qocalanda toxum satacağam.
Sonra diqqətlə əynimi, başımı süzdü.
– Bir şey desəm, inciməzsən ki?
– Yox, – dedim.
– Sən ananın canı, xətrinə dəyməsin, pul verim, özünə yaxşı bir təzə köynək al.
Köynəyimin boynu sürtüldüyündən, anam o biri üzünə çevirmişdi… Görünür, bu üz də sürtülmüşdü. İncik səslə:
– Sağ ol! – dedim, – mənə sənin heç nəyin lazım deyil.
Küsdüm. Təhqir olunmuş halda, arxama baxmadan bazardan çıxdım.
Paytaxtda birinci tibb institutunu bitirdim. Saxladılar.
Çətin, xoş, nigaran illər keçirdim. Parta yoldaşım özbək qızı idi. Mənə elə gəlirdi ki, yanımda əyləşən Narıncdı. Dərsi ürəyimdə öz-özümə danışanda elə bilirdim Narınca çöyləyirəm. Bazardakı Narınc təsəvvürümə gəlmirdi. Gözlərimin önündəki mavi lentli xurmayı hörükləri arxaya sallanmış, lakin iri gövdəli, mavi gözləri çağlayan ismətli bir qızdı. Tez-tez səsini eşidirdim.
Baxın səhərlərin yaqut rənginə,
Bənzəyir şairin söz ahənginə.
Filmə baxanda elə bilirdim Narınc yanımda oturub.
Moskva küçələri ilə tez-tez addımlayanda, mənə elə gəlirdi ki, Narıncla əl-ələ verib Lətişgildən qaçırıq…
Bayramlarda nümayişlə qızıl Meydandan keçəndə elə bilirdim Narınc şeir deyir:
Baxın səhərlərin yaqut rənginə,
Bənzəyir şairin söz ahənginə.
Diplomu alanda elə bilirdim bir qanadına da Narıncın adı yazılıb. Dissertasiyanı da Narıncla birgə yazdım… Operasiyaları edəndə də Narıncla birgə olurdum… Evləndim, xoşbəxt oldum, arvadımın üzündə də Narıncın cizgilərini tapdım…
On il əvvəl şəhərimizə gəldim. Xəlvəti bazara getdim. Uzaqdan Narınca baxdım. Tamam dəyişmişdi. Mənə elə gəldi ki, bütün göyərti bazarına dirijorluq edir. Üzündə hökm! Üzündə özündən razılıq! Üzündə hamıya meydan oxuyan bir görkəm! Narıncımdan əlamət qalmamışdı, yaxınlaşmadım. Özümü göstərmədim. Nə danışacaqdım, nə deyəcəkdim?
Sonra… Sonra Narıncla bağlı hər şeyi unutdum… Hər xatirənin də öz sonu varmış.
Bəs indi hansı duyğu məni bazara sürükləyirdi? Bilmirəm.
– Dayı, qolumu burax, – Zilnurun səsi məni yenə ayıltdı, – elə bərk sıxırsan ki, dayı, qolum üyüşür.
Bazarın iri darvazasından enəndə mən yenə ixtiyarsız Zilnurun qolundan yapışdım, elə bil onu itirəcəyimdən qorxurdum. Bəli, qorxurdum.
Meyvə piştaxtalarının arasından keçib göyərti bazarına çatdıq. Gözlərim piştaxtaların arxasında sonuncu dəfə on il əvvəl gördüyüm qolları çirməkli, amiranə görkəmli, qonşu satıcılara göstərişlər verən sətin xalatlı Narıncı gəzirdi. Bir anlığa Zilnuru unutdum, güman etdim ki, Narınc harda gözümə sataşsa, bacım qızı da onun yanında görünəcək. Arxasında qarılar, qoca kişilər əyləşən tərəvəz toxumu satılan piştaxtanın küncündən özümə mövqe seçib, nəzərlərimi ətrafa hərləyirdim. Birdən lap yaxından Zilnurun səsini eşitdim.
– Narınc xala, anam dedi ki, beş dəstə ispanaq, üç dəstə də bu gün dərilmiş keşniş versin.
Qulaqlarıma və gözlərimə inanmadım. Bacım qızı piştaxta arxasında toxum satan qocaların arasında əyləşib, səliqə ilə xırda pulları üst-üstə qalaqlayan, isti olmasına baxmayaraq, sarı sırıqlı geymiş boz saçlı bir qadına müraciət eləyirdi. Bu o Narınc idimi? Yumaq kimi yumurlanmış qadın başını qaldırıb Zilnura laqeyd nəzər saldı. Qızı tanıyandan sonra solmuş gözlərin mülayim baxışını onun sifətində hərlədi.
– A qızım, məndə təzə göyərti səhər tezdən olur, özü də bircə saata satılır, anan bilmirmi? Onun bazarlığı bu vaxta qalan döyül heç.
– Qonağımız var.
– Yaxşı, bir dayan görüm kimdə var.
Durub piştaxtaların arası ilə hərlənməyə başladı. Beli xeyli bükülmüş, qara uzun şalla bağlanmışdı. Narıncdan nə qalmışdı onda?
Haralardansa lazım olan göyərtini seçib gətirdi. Ətrafına baxmadan, mənim səmtimə boylanmadan, dəstələri Zilnura uzatdı.
– Babatı yenə bunlardır, anana salam söylə, deginən qonaqlığı olanda bir gün əvvəl xəbər göndərsin.
– Sağ ol, Narınc xala.
Narınc mənə ötəri nəzər salıb yerində əyləşdi, yenə xırda pulları üst-üstə qalaqlayıb sığallamaqla məşğul oldu.
– Dayı, gedək, – Zilnurun səsi çox uzaqlardan gəlirdi, – o, qolumdan ehmalca dartdı, – dayı, gedək.
Tərpənə bilmirdim. Otuz il uzaqlardan xurmayı saçlı, mavi lentli, mavi gözlü, qırmızı qalstuklu qız əllərini mənə tərəf uzatmışdı, qapşımda boz saçlı, yumağa dönmüş qadın əyləşib xırda pulları səliqə ilə qalaqlayırdı.
– Gedək, dayı!
Zilnurun səsinə Narınc başını qaldırdı.
– A qızım, hələ burdasan, ayrı nə lazımdır?
Zilnur mənim qolumu dartdı:
– Gedək, dayı.
Narınc indi sanki nəzərlərini səfərbər elədi, bulanıq gözlərinə azacıq parıltı gəldi. Hələ də məni tanıya bilmirdi. Gözlərinin altı qırışlarla örtülmüşdü, ağzının yanlarında sarı tüklər aydın görünürdü. Gənc Narınc onun daxilində əriyib yoxa çıxmış, heç bir iz də qoymamışdı.
Narınc mənim birbaşa onun gözlərinə tuşlanmış gözlərimə tab gətirməyib, üzünü ani olaraq başqa səmtə çevirdi. Yenidən mənə baxdı. Yəni o da məni tanıya bilmirdi? Mənə nə olmuşdu? Onun fikirləri nəyisə axtarır, nəyisə dəqiqləşdirib müəyyənləşdirirdi. Birdən üzündəki sərtlik çəkilməyə başladı, bulanıq gözlərdə işıq yandı, sifəti dumduru oldu. Ani olaraq balaca Narıncı gördüm, biixtiyar onun adını çəkdim. O da həyəcanla dilləndi:
– Bıy, sənə canım qurban! Bıy, sənin qadan alım! Səsinə qurban olum, adına qurban olum, sanına qurban olum.
Danışan yaşıdım deyildi, anam idi, xalam idi, yoxsa məndən on beş yaş böyük bacım idi?
– Belə sən buralara xoş gəlmisən! Deyirəm görən qonaqlıq kimin üçün imiş. Sən bu şəhərə heç qədəm qoyan döyülsən, sorağını çox eşitmişəm. O günü uşaqlar evdə «Moskvalı azərbaycanlılar» məqaləsini oxuyanda sənin də adını çəkdilər, ürəyim dağ boyda oldu. Deyirlər birinci uroloqsan. Şəhərdə böyrəyi xəstə olanlar birbaşa Moskvaya sənin yanına uçurlar. Heç biri də mağmın qayıtmır. Hamıya hörmət eləmək də çətin işdir. Sən elə uşaq vaxtı da ürəyiyumşaq idin. Bir dəfə az qalmışdın mənim ispanaqlarımı suyu qiymətinə verəsən. Onu da deyim çox üz vermə, müsəlmançılığa salıb axırı səni qaçaraq eləyərlər. Bizim camaatı yaxşı tanımırsan, üz gördülərmi, qapını tanıdılarmı, daha bəsləridir. Bıy, sənin adına qurban olum! Ananın da gözləri aydın olsun, bacılarının da. Akademik olduğunu da bilirəm, laureat olduğunu da, hamısı sənə halaldır. Oğuldan-uşaqdan nəyin var?
– Bir oğlum, bir qızım.
– Allah başacan versin, bir beşi də mən bacının var.
– Xoşbəxt olsunlar.
– Xoşbəxt günün olsun. Hamısı sağlığına oxuyur. Bayaqdan zəndlə baxıram, deyirəm bu gözlər mənə tanışdır, gözlərinə qurban olum, amma saqqalın tanımağa qoymur. Televizorda görmüşəm. Moskvadakı professorların çoxunun saqqalı var. Akademik ola-ola sənin saqqalın niyə olmasın, amma xətrinə dəyməsin, saqqal sənə yaraşmır, yaşlı göstərir.
– Anam da elə deyir, bacılarım da.
– Düz deyirlər. Bəs nə əcəb bazara gəlmisən? Yəqin mən bacının halına baxmağa… Bir vaxtlar gəlib məni məktəbə çağırardın, eh… – Bir anlığa dünyanın kədəri elə bil daha da tutqunlaşan bu mavi gözlərə yığıldı… – Dünyanın işləri elə qarışdı ki…
– Duruldu da, Narınc!
– Gec idi, qopa bilmədim… Hamı sən ola bilməz.
Mən həssaslıqla onun çöhrəsinə baxır, kiçik Narıncın cizgilərini axtarırdım.
Narınc diqqətlə sifətimə nəzər saldı:
– Niyə bikefsən?
– Nə bilim…
– Eh, kefini pozma, sən ki, adlı-sanlı olmusan, ölkəynən bir hörmətin var. Özün görürsən ki, dünyada haqq da var, ədalət də var! Sinfimizin birinci şagirdi sən idin, itmədin, haqq yerin aldı…
– Sinfimizin birinci şagirdi sən idin, Narınc.
– Mən olsam indi toxum alveri eləməzdim. Qismət beləymiş. Günah kimdədir? Əlbəttə, özümdə, nə bilim, bəlkə də Hitlerdə, bəlkə də dədəmdə… Əlqərəz, kefini pozma, frontdan elə şiri-nər oğlanlar qayıtmadı ki, mən onların yanında nanə qurusu… Məndə allahvergisi hafizə vardı. Belə görünür, bu azmış… Zirəklik də lazımmış, dünyanın işdəklərindən baş çıxarmaq da. Sənə deyim ki, heç nəyin peşmançılığını çəkmirəm… Sağlığına hər şeyim var… O gördüyün kəhrizin sağ tayında altlı-üstlü ağ daşdan on iki otaqlı elə ev tikdirmişəm ki, heç Allahyar bəyin də elə mülkü olmayıb. Zaqotskotun müdirinin evindən də hündürdür. Böyük oğluma da gəlin gətirmişəm. Qapısında «Volqa». Amma qıyıb təzə evdə yatmıram, elə sən gördüyün kərpic döşəməli otaqda qalıram. Öyrənmişəm. Atam üç il bundan qabaq rəhmətə getdi, allah ölənlərinə rəhmət eləsin. Uşaqlarımın üçü ali məktəbdə oxuyur: hərəsinə də bir maşın almışam. Amma bircə şey məni elə yandırır, elə yandırır, lap cızdağım çıxır. O Lətiş vardı ha, Atbalaxanım.
– Yadımdadır, evlərinə də getmişdik.
– Hə, hə, yaxşı yaddaşın var, qaçdığımız, sirop içdiyimiz o günlər geri qayıdaydı. Nə isə… O Lətiş mingirləyib bir ağzımvay professora ərə gedib. Gedib, halal xoşu olsun. Məni yandıran odur ki, Lətiş elmlər namizədi olub, kitabı üzündən oxuya bilməyən Atbalaxanım; dissertasiyasını da əri yazıb, o əfəl professor. Hər yay da qəbul imtahanını götürür o savaddankəm Atbalaxanım. Hər bazara gələndə əynində bir fason krimplin olur. Arxasınca əl arabası gəzdirir, bazarlığı səbətə sığışmır. Onun dərs verdiyi tələbələrin nə biliyi olacaq? Ona iki hədd cəminin kvadratını verim, aça bilsə, vurub başımı yarsın. Deyirlər əri murdarın başına vura-vura indi də özünə doktorluq dissertasiyası yazdırır. O sifət ki, ondadır, doktor da olacaq. Bir-iki dəfə məndən göyərti almaq istəyib, satmamışam. Sığışdırmıram, ona göyərti verib pul almaq arıma gəlir. Brilyant barmaqlarını uzadıb göyərtini çevirəndə elə bil mənə yanıq verir. Ta bilmir ki, mücrümdə elə brilyant üzüklərim var ki, hər biri on barmağını satın alar. Bazarda taxası döyüləm ki…
– Narınc!
– Hacan?
– Mən istərdim ki, o Lətiş indi sənin yerində göyərti sataydı, sən də dərs deyəydin.
– Di mən neyləyim, olan olub, keçən keçib, vallah, paxıllıq eləmirəm… Sağlığını görüm, hər şeyim var, artıqlaması ilə, lap pombarxatdan tutmuş, o vaxtlar dəbdeydi ha, indiki sortbasort krimplinlərə qədər. Sağlığını görüm, lap iki şubam da var. Amma heç əynimə də taxmamışam. Vaxtım hardaydı! Alaqaranlıqdan gəlirəm bazara, bir də darvazaya qıfıl vurulanda qayıdıram. Toya gedə bilmirəm, yasa da. Kinoya gedən deyiləm, teatra gedən deyiləm. Bir az televizorun qabağında otururam, yuxu basır. Gün çıxmamış yenə bazarın darvazasını kəsdirirəm. Daha göyərtiyə çox meyillənmirəm. Rütubətdir, qollarım sızıldayır, üstünə sağlıq, revmatizmam var, deyəsən, radikulit də. Keçmişəm toxuma.
– Niyə müalicə elətdirmirsən?
– Rəhmətliyin oğlu, vaxtım nə gəzir? Qazancı qoyub, hara gedim?
– Bu qədər qazanıb neyləyəcəksən?
– Gəlinlərə qismət olacaq. Nəvələrimə qismət olacaq. Varım çoxdur, sağlığına. Odur ki, Lətişə paxıllığım tutmur. O bilə ki, məndə nələr var, paxıllıqdan çatlar… Mənim paxıllığım yox, acığım tutur. Görəndə deyirəm: «Haqq hanı?»
– Narınc!
– Hacan!
– Sən öz haqqını özün tapdalamısan…
– Vallah, sağlığına, hər şeyim var, haqqım da.
– Amma Narınc yoxdur.
– Niyə elə deyirsən… Bütün qohum-əqrəba başıma and içir, yeri gələndə hamısına əl tuturam, borc da verirəm. Əlim həmişə pulla oynayır. Məndən xoşbəxt hanı bu şəhərdə? Niyə mənə yazıq gözü ilə baxırsan? Oğluma beş yüz adamlıq toy qurdurmuşdum. Mənə nə olub axı?
Biz bir-birimizi başa düşmürdük. Başım hərlənirdi.
Bir anlığa gözümə uca bir tribuna gəldi: üç min nəfərlik auditoriya. Xurmayı saçlı, mavi gözlü akademik qadın gur səslə danışırdı…
Qarşımda pulları sığallayan qarıya bənzər nimdaş geyimli Narınc…
Bayaqdan edilən söhbətlərdən nə almışdım? Narınc, otuz il bundan əvvəl bazarı məkan edən Narınc «akademik, professor, kandidat, dissertasiya, uroloq» kimi təzə sözləri o dərəcədə dürüst tələffüz edirdi ki, bir çox ali təhsillilər ona qibtə edə bilərdilər.
– Narınc, heç oxuduqlarından yadında bir şey qalıb?
– Şeir deyimmi?
– De!
Baxın səhərlərin yaqut rənginə,
Bənzəyir şairin söz ahənginə…
İstəyirsən bütün «Azad ilham» kitabını əzbər deyim. Rəhmətliyin şeirini bircə dəfəyə əzbərləyirdim… İndiki uşaqlar şeir oxuya bilmir ha…
Gerçəklik gözlərimdən çəkilməyə başladı. Bazar da, piştaxtalar da yoxa çıxdı. Mülayim misraların arasından, xatirələr dünyasının üfüqlərindən mənə sarı on üç yaşlı bir qız yüyürürdü… Xurmayı saçlarına təptəzə parlaq mavi ipək lent bağlamışdı; gözləri dumduru, gözləri mavi dəniz. Sinəmdən kimsənin eşidə bilməyəcəyi bir qışqırtı qopdu. «Tez gəl, Narınc, tez gəl!» Narıncın gəldiyi yol qurtardı. Məndən çox uzaqlarda dayandı. Əllərimi uzatdım, əllərini uzatdı, göydən dolu tökdü, göydən dəmir pullar yağırdı, qollarım qırılırdı, tablaya bilməyib, qanına qəltan olmuş əllərimi yanıma saldım. Pul yağışı qatılaşıb dumana döndü, xurmayı saçlı, mavi lentli qızı uddu…
Uzaqlardan, lap uzaqlardan mavi gözlü qız əllərini uzadıb harayasa qaçırdı…
Yaxında piştaxta arxasında qarıya bənzər bir qadın səliqə ilə üst-üstə qalaqlanmış pulları sığallaya-sığallaya donquldanırdı.
Qəhər məni boğdu.
– Niyə ağlayırsan, dayı? – Zilnurun həyəcanlı səsi gəldi.
Qolundan bərk tutdum.
– Qaçaq, qızım, – dedim, – qaçaq!
1973
Date:
Sentyabr 9, 2025