NewsAlim, ədib, tərcüməçi – Altay Yusifoğlu

Alim, ədib, tərcüməçi – Altay Yusifoğlu

Altay Yusif oğlu Məmmədov 1930-cu il may ayının 15-də Gəncə şəhərində anadan olub. Orada 4 saylı fəhləgənclər məktəbini bitirib, 1943-1949-cu illərdə saatsaz şagirdi, usta köməkçisi və usta peşələrində işləyib. 1949-cu ildə H.Zərdabi adına Pedaqoji İnstitutun dil-ədəbiyyat fakültəsinə daxil olub. Həmin institutu fərqlənmə diplomu ilə bitirib, Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş müəllim vəzifəsində saxlanılıb.

1951-1953-cü illərdə “Kirovabad fəhləsi” qəzeti redaksiyasında korrektor, “Gəncə kommunisti” qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində çalışıb.

Ədəbi fəaliyyətə 1950-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc edilən “Fəhləlikdən alimliyə” adlı oçerki ilə başlayıb. Sonra kiçik hekayələri ilə diqqəti cəlb edib. 1953-cü ilin mayından “Kirovabad kommunisti” qəzeti redaksiyasında məsul katib, 1962-ci ildə Azərbaycan Yazıçılar İttifaqı Gəncə fılialının sədri, 1970-1974cü illərdə H.Zərdabi adına GDPİ-nin elmi işlər üzrə prorektoru, 1974-2003-cü illərdə həmin institutun Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası kafedrasının dosenti olub.

1957-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.

Nizami Poeziya Teatrının bədii rəhbəri və tamaşaların müəllifidir. 1959-cu ildən altı dəfə şəhər Xalq Deputatları Sovetinə deputat seçilib. Azərbaycan Kommunist Partiyasının XXVII-XXX qurultaylarına nümayəndə seçilib. Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin üzvü olub. 1964-cü ildə filologiya elmləri namizədi elmi dərəcəsini, 1965-ci ildə dosent elmi adını alıb.

Onun “Həmyerlilər”, “Kişilər”, “Yadındamı”, “Ulduzlar görüşəndə” və b. dram əsərləri Azərbaycanda, eləcə də Rusiyada, Tacikistanda, Bolqarıstanda, Türkiyə və İranda tamaşaya qoyulub, bir sıra əsərləri ispan, ingilis, ərəb, fars, macar, eston, tacik və tamil dillərinə tərcümələrdə çap edilib.

Onun “Dəli Domrul” əsəri əsasında Bakı Bələdiyyə Teatrının hazırladığı eyniadlı tamaşa İstanbulda keçirilən “Kitabi-Dədə Qorqud” günlərində uğurla nümayiş etdirilib və türk mətbuatı tərəfindən yüksək qiymətləndirilib. Əbdüqəhhar İbrahimovun “İlk busə”, Otar İoselianinin “Araba hələ aşmayıb”, Vasili Şukşinin “Diribaş adamlar” pyeslərini rus dilindən dilimizə çevirib.

1971-ci ildə  Azərbaycanın  “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb, 1980-ci ildə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı  və medallarla təltif olunub. 2002-ci il 11 iyun tarixindən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü alıb.

2003-cü il iyul ayının 15-də Gəncədə vəfat edib.

 

İstinad: https://az.baku-art.com/az/alim-edib-tercum-chi-altay-yusifoglu