Kəngərlər
Kitabdan parça:
HARALISAN, ƏMİOĞLU
İdarəmizə yeni bir mühasib lazım idi. Hörmətli müdirimiz Hətəmquluzadə bu yerə heç kəsi qəbul etmirdi. Kişi çox ehtiyatlı və uzaqgörən adam olduğundan hər yetəni öz yanına götürməzdi. Biri elə mənim özüm. Əgər müdirim mənim zat-pakıma bələd olmasaydı, heç məni işə qəbul edərdimi?
Bir gün müdirim Hətəmquluzadəinin kabinetində oturmuşdum. Kabab söhbəti edirdik. O, Göy-Göldə üç adamla birlikdə bir erkəyi yeməyindən danışırdı. Zalım oğlu elə şirin danışır, elə gözəl təsvir edirdi ki, kababın tüstüsü kabinetə dolub, adamın burnunu gicişdirirdi. Onu da deyim ki, Hətəmquluzadənin yemək haqqındakı söhbətlərini çox xoşlayıram. O ağzını marçıldada-marçıldada deyirdi: «Kabab nə kabab, tüstüsü Kəpəzə qalxan, qoxusu aləmi bürüyən kabab!..»
Bu vaxt kabinetin qapısı açıldı, otağa orta yaşlı, qarabuğdayı bir kişi girdi:
– Salam, sizi narahat etmək olarmı?
Bizim Hətəmquluzadə bilsəniz nə qədər mülayim, nə qədər nəzakətli adamdır! O, dedi:
– Xoş gəlmisiniz, səfa gətirmisiniz! İdarəmiz sizə qurbandır, lap gördüyünüz bu kabinet də… Bizə görə nə qulluq?
– Mən eşitmişəm ki, sizdə mühasib yeri var, işləmək istəyirəm.
– Çox əcəb edirsən!–deyə müdirim ona yer göstərdi və adəti üzrə birinci sualını verdi:
– Haralısan, əmioğlu?
– Qarasulu.
Müdirim astadan bir «uf» dedi. Sonra gülə-gülə üzünü kişiyə tutdu:
– Əmioğlu, get sabah gəl.
Qarasulu bir söz deməyib getdi. Hətəmquluzadə onun arxasınça:
– Aman! Aman! Aman!..–deyə səsləndi.
Mən gözlərimi döyə-döyə soruşdum:
– Həmyerli, bu «uf», bu «aman» nədir? Məni bu sirrdən agah et!
– Rəhmətliyin oğlu, qırx ilin öküzüsən, hələ dəyirmanın yolunu tanımırsan? Sən qarasuluları tanımırsan, onu bura işə götürsəm, idarəmizi on beş gündə alt-üst edər, ərizəni ərizə dalınca yazar, külümüzü göyə sovurar, qandın?
– Qandım.
Ertəsi gün oturub kabab söhbətini yenə təzələmişdik ki, içəri bir oğlan girdi.
– Buyurun,–deyə Hətəmquluzadə onu kəmal-ehtiramla qəbul etdi.–Bizə görə qulluq?
– Mühasib olmaq istəyirəm.
– Çox gözəl, çox pakizə! Haralısan, əmioğlu?
– Sarıtorpaqlı.
– Hmm… Get sabah gəl.
Oğlan getdi.
Hətəmquluzadə bu dəfə sual gözləmədən dedi:
– Həmyerli, mən sarıtorpaqlılarla işləyə bilmərəm, çox yerlipərəst olurlar. Qandın?
– Qandım.
Aradan bir-iki gün keçmişdi. Söhbət üçün yenə müdirimin yanına gəlmişdim. O, ağzını açıb: «kabab» deməmişdən, kabinetə bir kişi girdi. O da Hətəmquluzadə tərəfindən çox ədəblə qarşılandı. Məlum oldu ki, mühasib olmaq istəyir.
– Haralısan, əmioğlu?
– Qaratorpaqlı.
– Get, sabah gəl.
Kişi gedəndən sonra Hətəmquluzadə mənə dedi ki qaratorpaqlılar gopçu olurlar, söz verib yerinə yetirmirlər.
Yenə müdirimizin otağı, yenə kabab söhbəti, yenə mühasib olmaq istəyən adam, yenə də «haralısan əmi-oğlu?» və «Get sabah gəl»…
Bu dəfə soruşdum:
– Həmyerli, bəs bunların hamısına «Get sabah gəl» deyirsən, onlar qayıtmırlarmı? Bunun axırı nə olacaq?
Dedi:
– Ə, nə xamsan! Nə çox allahın sabahı… Hələ sən olmayanda buraya palıdlı da gəlib, şabalıtlı da gəlib, lap yemşənli də gəlib. Hərəsinə bir zurna vermişəm çala-çala gediblər.
Birdən Hətəmquluzadə başını qaldırdı, kabinetin qapısına tərəf baxdı. Mən də boylandım. Gördük qapının yanında gözəl keyimli, köyçək bir oğlan dayanıb, əlində də çamadan. Başımız söhbətə elə qarışıb ki, onun içəri girməsini hiss etməmişik. Hətəmquluzadə özünü yığışdırıb xəbər aldı:
– Bizə görə nə qulluq?
Oğlan acı-acı güldü.
– Gəlmişəm bir zurna da mənə verəsiniz,–dedi.
Hətəmquluzadənin rəngi qaraldı. Elə bil kişini boğdular. Dil-dodağı qurudu. Amma özünü yığışdırıb, yavaş-yavaş gülməyə başladı:
– Hi, hi, hi… Əmioğlu, qulluğunuzda hazıram.
Oğlan mühasib olmaq istədiyini söylədi.
– Haralısan, əmioğlu?
– Azərbaycanlı.
– Belə bilmək istəyirəm hansı mahaldansan?
– Sovet vətəndaşıyam.
– Paho! Bu olmadı ki… İşə girməmişdən başladın bizimlə qoz-qoz oynamağa. Sənin doğulduğun bir mahal, bir kənd var, ya yox?
Oğlan etinasızlıqla dedi:
– Söyüdlü mahalının Qırqovullu kəndindənəm.
– Lap Qırqovullunun özündənsən? – deyə Hətəmquluzadə şadlıqla soruşdu. – Kimlərdənsən, oğul? Oğlan çox könülsüz cavab verdi:
– Hüseynqululardan. Axı bunun söhbətimizə nə dəxli var?
– Oğlum, bala, bunu bayaqdan desənə! Bizim babalarımız da xalauşağı olublar ki… İşlərini ver görüm.
Oğlan çamadandan bir qovluq çıxarıb Hətəmquluzadəyə verdi:
– Mən iqtisadiyyat institutunu qurtarmışam. Hətəmquluzadə gülə-gülə dedi:
– Oğul, bunun mənim üçün heç bir əhəmiyyəti yoxdur. Sənin həmyerli olmağın kifayətdir.
Düzü, yeni gələn oğlan həmyerlimiz olsa da, Hətəmquluzadənin onu işə qəbul etməsi məni açmadı. Bəs necə? İndiki cavanlara bəyəm bel bağlamaq olar? Özü də ki, ali təhsilli ola, döşündə komsomol nişanı, belə eyhamlı danışa.
Təzə gələn oğlan işə başladı. Amma necə başladı? Bizim sakit idarəmizə təzə qanunlar gətirdi. Mən ona bir dəfə «həmyerli» dedim, bərk acıqlandı, başqa həmyerlilərinə də həmçinin. Hələ bu da az imiş, gör nələr olacaqmış…
Bir də gördüm təzə mühasib bizim Hətəmquluzadə ilə çənə-boğaz olub kişiyə söz qaytarır: «Mən filan kağıza qol çəkə bilmərəm, bundan cinayət iyi gəlir»,–deyə bar-bar bağırır. Hörmətsizliyə bax ki, özü də kişinin kabinetində. O, qışqıranda həmişə dişim bağırsaqlarımı kəsirdi. Müdirimiz ona ha: «Həmyerli», «Əmioğlu», «Qohumbala» deyirdisə, gədə ipə-sapa yatmırdı ki, yatmırdı…
O gedəndən sonra bir dəfə ürək eləyib müdirimdən soruşdum:
– Bunu niyə sıxmırsan? Ək getsin.
Dedi:
– «Adın nədir Daşdəmir, yumşalısan yumşalı». Günlərin birində idarəmizdə iclas keçirirdik.
Bir böyük təşkilatdan adam da gəlmişdi. O, bizə şüurlardakı kapitalizm qalığına qarşı mübarizə haqqında məruzə etdi.
Sonra bizim çox hörmətli müdirimiz çıxış etdi və məruzəçidən üç dəfə artıq danışdı:
– «Yoldaşlar, şüurlardakı kapitalizm qalıqları çox yerlərə girmiş, şükr olsun ki, bizim idarəmizə soxula bilməmişdir. Ona görə ki, buranın müdiri mənəm. Əgər kapitalizm qalıqları bizim idarədə olsaydı, işçilərimiz dedi-qodu ilə məşğul olardılar. Sözümü qurtarıb deyirəm ki, məhv olsun şüurlardakı kapitalizm qalıqları!»
Hətəmquluzadədən sonra cavan mühasib söz aldı. Kaş o günə yekə bir daş düşəydi! Nə bilim başladı danışmağa ki: «Hətəmquluzadənin şüurunda kapitalizm qalığı yox, lap feodalizm qalığı var. O, hədsiz dərəcədə yerlipərəstdir. Bunun nəticəsində idarəmizdə pis atmosfera əmələ gəlib, işlərimiz buna görə axsayır. Nə bilim daha nələr, nələr…».
Yorğun olmasına baxmayaraq, Hətəmquluzadə onu cavabsız qoymayıb dedi:
– Böhtan atma, mən yerlipərəst deyiləm, əksinə buna qarşı mübarizə edirəm. Əsl kapitalizm qalığı sənin başındadır. Sən demaqoqsan, intriqabazsan, gəldiyin beş gün deyil, mənim yerimə keçmək istəyirsən…
Həmin iclasda böyük yerdən gələn şəxs tufan saldı. İşçilər bir-birinə dəydi. Hamı üzü dönüklük etdi. Vurhavur oldu. Nə başınızı ağrıdım, cavan mühasib, lənətə gəlmiş mühasib bizim Hətəmquluzadənin başına bu oyunu gətirdi. İclasda Hətəmquluzadəni bir neçə dəfə islatdılar, sıxdılar, islatdılar, sıxdılar…
Bəlkə siz Hətəmquluzadəni məndən əvvəl tanıyırsınız? Ola bilər ki, keçmişdə müdiriniz olub və ola da bilər ki, gələcəkdə sizinlə bir yerdə işləsin.
Amanın günüdür, o kişidən muğayat olun…
Date:
Avqust 16, 2025